Kahramanmaraşda baş verən zəlzələlər 47 975 nəfərin həyatına son qoyub.
Bu barədə Türkiyənin Fövqəladə Hallar İdarəsinin (AFAD) rəhbəri Yunus Sezər məlumat verib.
Sezerin sözlərinə görə, Türkiyə vətəndaşları, həmçinin əcnəbilər, əsasən də suriyalılar arasında indiyədək zəlzələ qurbanlarının ümumi sayı 47 975 nəfərdir. Onlardan 6278-i əcnəbidir, əksəriyyəti Suriya vətəndaşıdır.
AFAD rəhbəri bildirib ki, fəlakət bölgələrində 3000-dən çox xilasedici qalıb və işlərini davam etdirir.
"Regionda təkrarlanan təkanlar hələ də davam edir. Buna görə də xilasetmə qruplarını hazır vəziyyətdə saxlayırıq. Digər ölkələrdən olan daha 300-ə yaxın xilasedici də orada qalır", - Sezer əlavə edib.
Sezer zəlzələ bölgəsinə 74 təyyarə və 99 helikopterin humanitar yardım və çadırlar çatdırdığını bildirib.
"Bütün kəndlərə quru və hava yolu ilə ərzaq çatdırılması davam edir. Rayonda 12 min 140 tikinti və xüsusi texnika fəal işləyir. Çadırlarda, konteyner şəhərciklərində və pansionatlarda yerləşdirilən vətəndaşların sayı 1 milyon 800 min nəfərə yaxındır. Rayonda 17 787 konteyner quraşdırılıb".
AFAD rəhbəri bildirib ki, təbii fəlakət zonasından 935 722 nəfər təxliyə edilib.