Azərbaycan qanunvericiliyində məişət zorakılığı qurbanlarının müdafiəsi üçün hansı hüquqi mexanizmlər nəzərdə tutulub? - AÇIQLAMA

0

 


Ailə daxilində baş verən zorakılıq halları cəmiyyətin ən həssas sosial problemlərindən biri hesab olunur.

Son illərdə məişət zorakılığı ilə bağlı müraciətlərin artması bu mövzunun hüquqi və sosial baxımdan daha ciddi müzakirəsini zəruri edir.


Bəs görəsən Azərbaycan qanunvericiliyində məişət zorakılığı qurbanlarının müdafiəsi üçün hansı hüquqi mexanizmlər nəzərdə tutulub?

Hüquqşünas Xanım Yusifova bu barədə Sonxeber.az -a açıqlama verib:

"Azərbaycanda məişət zorakılığı qurbanlarının müdafiəsi "Məişət zorakılığının qarşısının alınması haqqında" qanun, həmçinin Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi əsasında həyata keçirilir. Qanunvericiliyə görə məişət zorakılığı təkcə fiziki zorakılıq deyil, eyni zamanda psixoloji təzyiq, iqtisadi məhdudiyyət və təhqir kimi halları da əhatə edir.

Zərərçəkmiş şəxs polisə, məhkəməyə və ya aidiyyəti dövlət qurumlarına müraciət edə bilər. Hüquq-mühafizə orqanları müraciəti araşdırdıqdan sonra zorakılığı törədən şəxsə qarşı xəbərdarlıq edə, inzibati və ya cinayət məsuliyyəti tətbiq edə bilər. Ağır hallarda isə şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi mümkündür.

Qanunvericilikdə nəzərdə tutulan əsas müdafiə vasitələrindən biri mühafizə orderidir. Qısamüddətli və uzunmüddətli mühafizə orderləri vasitəsilə zorakılıq törədən şəxsin zərərçəkmişə yaxınlaşması, əlaqə saxlaması və ya eyni yaşayış yerində qalması məhdudlaşdırıla bilər. Bu tədbir qurbanın təhlükəsizliyinin təmin olunmasına xidmət edir.

Bundan əlavə, məişət zorakılığı qurbanları sosial xidmət müəssisələrinə və sığınacaqlara yerləşdirilə, psixoloji və hüquqi yardım ala bilərlər. Xüsusilə qadınlar və uşaqlar üçün fəaliyyət göstərən reabilitasiya və dəstək mərkəzləri onların cəmiyyətə yenidən inteqrasiyasına kömək edir.

Məişət zorakılığı hallarında susmamaq və vaxtında hüquqi yardım almaq vacibdir. Çünki bir çox hallarda ilkin mərhələdə edilən müraciət daha ağır nəticələrin qarşısını almağa imkan verir".

Yorum Gönder

0Yorumlar
Yorum Gönder (0)
To Top