Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixində xüsusi əhəmiyyətə malik olan günlərdən biri də 15 İyun – Milli Qurtuluş Günüdür
Bu tarixi gün təkcə siyasi hakimiyyət dəyişikliyi ilə deyil, həm də Azərbaycan dövlətinin parçalanmaq, müstəqilliyini itirmək təhlükəsindən xilas olması ilə yadda qalmışdır. Məhz buna görə də Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas günü kimi tarixə həkk olunmuşdur.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası ilk illərdə ciddi siyasi, iqtisadi və hərbi problemlərlə üz-üzə qalmışdı. Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti nəticəsində torpaqlarımızın bir hissəsi işğal olunmuş, ölkədə xaos, anarxiya və idarəetmədə ciddi böhran yaranmışdı. Hakimiyyət uğrunda mübarizə, ayrı-ayrı silahlı qruplaşmaların fəaliyyəti, iqtisadi tənəzzül və sosial problemlər xalqın gələcəyə olan inamını zəiflədirdi. Azərbaycan müstəqilliyini yenicə qazanmış bir dövlət kimi böyük təhlükələrlə üzləşmişdi.
1993-cü ilin iyun ayında ölkədə yaranmış ağır ictimai-siyasi vəziyyət Azərbaycanı vətəndaş qarşıdurması və dövlət çevrilişi təhlükəsi ilə üz-üzə qoymuşdu. Həmin dövrdə xalqın yeganə ümid yeri Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri, böyük dövlət xadimi Heydər Əliyev idi. Xalqın təkidli tələbi ilə Bakıya dəvət olunan Heydər Əliyev öz zəngin siyasi təcrübəsi, uzaqgörənliyi və qətiyyəti sayəsində ölkədə sabitliyin bərpasına nail oldu.
1993-cü il iyunun 15-də Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçilməsi ölkənin taleyində dönüş nöqtəsi oldu. Bu tarix Azərbaycan dövlətçiliyinin xilası, xalqın gələcəyə inamının bərpası və milli birliyin möhkəmlənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sonrakı illərdə məhz Heydər Əliyevin rəhbərliyi altında ölkədə siyasi sabitlik təmin edildi, dövlət quruculuğu prosesi sürətləndirildi və müstəqilliyimizin möhkəm təməlləri yaradıldı.
"Ersağ Azərbaycan" olaraq, dövlətimizin iqtisadi gücünün artmasına, xalqımızın sağlamlığına və rifahına xidmət etməkdən böyük qürur duyuruq.
Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi, xalqın öz lideri ətrafında birləşdiyi və müstəqil dövlətin möhkəm əsaslar üzərində inkişaf etməyə başladığı şanlı bir tarixdir. Bu gün hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir.
15 İyun – Milli Qurtuluş Günü Azərbaycanın tarixində əbədi yaşayacaq və gələcək nəsillərə dövlətçilik, vətənpərvərlik və milli həmrəylik dərsi kimi ötürüləcəkdir.
Milli Qurtuluş Günümüz mübarək!
Hörmətlə,
Həcər Əzimli
"Ersağ Azərbaycan" şirkətinin Baş direktoru

